text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

01.11.2016

2016-2017-ci tədris ilində şagirdlərin biliyinin qiymətləndirilməsində yenilik


Bu tədris ilindən şagirdlər attestatlarını yeni qaydalarla alacaqlar
2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyadan verilən məlumata görə, yeni qaydalar Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.

Beləliklə, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.
Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Buraxılış imtahanında iştirak etməyən şagirdlərin biliyi qiymətləndirilmir və bu şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilmir.
Yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, test modelləri, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları nəşr ediləcək. Həmçinin, həmin fənlərdən IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.
Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) kollegiyası ötən ilin sonlarında “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”na dəyişiklik etmişdi. Bu qaydalar ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edirdi. Həmin sənədə əsasən, ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ümumi təhsil pilləsinin ümumi orta (IX) və tam orta təhsil səviyyələrini başa vuran (XI) təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) TQDK tərəfindən aparılır. İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalası üzrə qiymətləndirilir.
Onu da deyək ki, sözügedən dəyişikliyə qədər tam orta təhsil səviyyəsində (XI sinif) buraxılış imtahanında 5 ballıq şkala üzrə xarici dil/kimya fənləri üzrə 0-5 suala düzgün cavab 2 bal, 6-15 suala düzgün cavab 3 bal, 16-24 suala düzgün cavab 4 bal qiymətləndirilib. Dəyişiklikdən sonra isə tam orta təhsil səviyyəsində imtahanda xarici dil/kimya fənləri üzrə 0-6 suala düzgün cavab 2 bal, 7-24 suala düzgün cavab 3 bal, 17-24 suala düzgün cavab 4 bal nəzərdə tutulub.
Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilib. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən veriblər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər.
Yeri gəlmişkən, təhsil sahəsində şagirdlərin biliyinin qiymətləndirilməsində tətbiq olunacaq yeniliklər bununla bitməyəcək. Belə ki, təhsil naziri Mikayıl Cabbarov orta məktəblərdə şagirdlərin biliyinin 9-cu sinifdən də əvvəlki siniflərdə yoxlanılması üçün imtahanların keçirilməsi məqsədilə müvafiq şöbələrə tapşırıq verib. Bu barədə təhsil naziri Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, hazırda ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsi yalnız icbari təhsil müddəti başa çatdıqdan sonra həyata keçirilir: “Bunun üçün 9-cu sinif məzunları buraxılış imtahanı verirlər. Lakin təhsil işçiləri razılaşa bilərlər ki, eyni bilgi 6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər üçün olsaydı, bu bizə daha çox imkan verərdi ki, təhsil prosesində, metodikasında müşahidə etdiyimiz boşluqları özümüz üçün daha tez müəyyənləşdirək və lazım olan müdaxilələri məhz onların təhsil müddətində edək. Hesab edirəm ki, Təhsil Nazirliyinin müvafiq şöbələri bununla bağlı layihə hazırlayıb təqdim etməlidir".
Xatırladaq ki, Təhsil Nazirliyindən verilən məlumata görə, ümumtəhsil məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə təlimat var. Bu təlimat Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları kurikulumları” və 09 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir. Burada göstərilib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik-ilkin səviyyənin qiymətləndirilməsi, formativ-fəaliyyətin qiymətləndirilməsi, summativ-kiçik, böyük və yekun qiymətləndirmələrdən ibarətdir. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır. Summativ qiymətləndirmə isə təlim prosesində müəyyən mərhələlərə tədris vahidinin, yarımilin sonunda yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır. Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli şəkildə yeni fənn kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir. Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır.

Комментариев нет:

Отправить комментарий