"Kurikulum" latın sözü olub, mənası "kurs", "yol" deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır.
Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar "təhsil planı" kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.
Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: "Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir" (Ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, "Təhsil", 2005). Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: “Təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi”(“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı, ”Hüquq ədəbiyyatı”,2009).
Göründüyü kimi, kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Əvvəla, təhsil sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur. Hazırda müstəqil Azərbaycan Respublikasının təhsil sistemi digər prinsiplərlə yanaşı, həm də demokratik və humanist prinsiplər üzərində qurulur. Onun nəticəsidir ki, Azərbaycanda tələbyönümlü kurikulumların yaradılması istiqamətində iş aparılır. Artıq ölkəmizin tarixində ilk dəfə olaraq belə kurikulumlar hazırlanmışdır. 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir.
Azərbaycan təhsil sistemində "kurikulum" yeni bir anlayışdır və o, təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin təşkilini və həyata keçirilməsini əks etdirən konseptual sənəd kimi başa düşülür. İslahat çərçivəsində elə bir konseptual sənəd hazırlanır ki, özündə təhsilalanlar üçün zəruri kompetensiyaları, məzmun və qiymətləndirmə standartlarını, hazırkı tədris planı və proqramlarını, şagirdə və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini, metodik təminatı, dəyərləndirmə modelini, texniki təchizatını və s. təsvir etsin, müəllim və məktəb qarşısında duran vəzifələri və onların konkret həlli yollarını göstərsin.
Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirir.
Комментариев нет:
Отправить комментарий